BİRJA

09 Mart

Səudiyyə Ərəbistanı neftin qiymətini daha da aşağı endirir RUSİYANI BAZARDAN VURUB ÇIXARMAQ ÜÇÜN

Vyanada OPEC+ formatında aparılan danışıqların uğursuz nəticələnməsinin ardınca Səudiyyə Ərəbistanı RusiyanIı Avropanın neft bazarından vurub çıxarmaq üçün hasilatı kəskin artırır

Fins.az “Bloomberg”ə istinadən xəbər verir ki, Ər-Riyad hasilatı sutkada 10 milyon barrelə qaldırmağa qərar verib. Hazırda ölkədə neft hasilatının həcmi sutkada 9.3 milyon barreldir.

Xatırladaq ki, neft hasil edən ölkələr hasilatın azaldılmasına dair 2017-ci ildə əldə edilmiş razılaşmanın müddətini uzada bilməyiblər. Üstəlik Səudiyyə Ərəbistanının dünyada tüğyan edən koronavirus epidemiyasına görə hasilatın daha 1 milyon barrel azaldılması barədə təklifi Rusiya və Qazaxıstan tərəfindən qəbul edilməyib. Nəticədə dünya birjalarında neft kəskin ucuzlaşıb, “Brent” markalı neftin qiyməti 45 dollara qədər aşağı düşüb. Bu, neftin Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş qiymətindən 10 dollar aşağıdır.

Səudiyyənin “Saudi Aramco” şirkəti “Arab Light” markalı nefti Avropanın şimal-qərbindəki neftayırma zavodlarına 8 dollar ucuz təklif edib. Agentliyin söhbətləşdiyi treyderlər deyiblər ki, bu addım Rusiya şirkətlərinə Avropada neft satmağa mane olmaqdır.

Gözlənilir ki, Səudiyyə Ərəbistanının Rusiyaya qarşı bu “neft müharibəsi” dünya bazarında neftin daha da ucuzlaşmasına səbəb olacaq. Doğrudur, Rusiya OPEC+ anlaşmasının uzadılmamasından ildə on milyardlarla dollar itirəcək, amma buna baxmayaraq Rusiya neft şirkətləri hasilatı azaldıb bazardakı mövqelərini itirmək istəmirlər.