Facebook şirkəti öz partnyorları ilə Libra kriptovalyutası layihəsinin yenidən qurulmasını müzakirə edir. Məlumata əsasən şirkət istifadəçilərə mərkəzi bankların istifadəyə verdikləri valyutaları (dollar və avro kimi) təqdim etməyi düşünür.
Bu barədə Bloomberg saytı xəbər verib. İlk öncə məlumat ortaya çıxmışdı ki, Facebook özünün Calibra adlı online portmanatında Libra kriptovalyutasından imtina edəcək. Lakin şirkət bu məlumatı təkzib edib. Bundan əlavə olaraq şirkət Calibra-nın işə salınmasını bu ilin oktyabr ayına kimi təxirə salıb.
Əgər Libra layihəsi vahid qlobal kriptovalyutadan daha çox ödəniş sisteminə bənzəsə, istifadəçilər Libra ilə mövcud olan ödəniş servisləri arasındakı fərqi görməyəcəklər. Qeyd etmək lazımdır ki, Facebook şirkəti Libra kriptovalyutasını və Calibra online portmanatını keçən ilin iyun ayında təqdim etmişdi. Layihəyə əsasən kriptovalyuta real aktivlərə qoşulu olacaq. Layihənin inkişaf etdirilməsi üçün isə şirkət həmçinin Facebook-dan asılı olmayan konsorsium da yaratmışdı. Mastercard, Visa, Spotify, PayPal, eBay və digər məşhur şirkətlər həmin konsorsiuma daxil olmuşdular.
Kriptovalyutanın bu ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılırdı. Lakin sözügedən layihə Facebook-un heç də yaxşı olmayan nüfuzu səbəbilə bir sıra nizamlayıcı orqanlar tərəfindən təzyiqlərə məruz qaldı. Bundan əlavə olaraq dövlətlər qorxurlar ki, Libra-dan pulların yuyulması kimi qanunsuz mövzularda istifadə olunacaq. Nizamlayıcı orqanların təzyiqləri nəticəsində yuxarıda sadalanmış şirkətlər Libra layihəsindən çıxdılar.