Qızılın qiyməti son 7 ilin ən yüksək həddinə çatıb: 1 unsiya qızıl 1.680 dollara qədər bahalaşıb. Mütəxəssislər qiymətlərin artmasının əsas səbəbi kimi koronavirusun qlobal iqtisadiyyata zərər verəcəyinə dair artan narahatlığı göstərir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik və volotilliyin yüksək olması fonunda investorlar qızıl bazarına daha çox yatırım edirlər: "Təkcə son bir ildə qızılın qiymətində 25 faiz artım qeydə alınıb. Koronavirusa görə isə qiymətlərdə 8 faizlik artım baş verdi. Bu isə ondan xəbər verir ki, epidemiyanın yayılması investorların daha az riskli olan sahəyə yatırım etməsinə gətirib çıxarıb.
Bundan əlavə, bəzi ölkələr qızıl ehtiyatlarını artırmağa üstünlük verirlər. Xüsusilə qlobal volotillik fonunda riskləri sığortalamaq üçün daha çox qızıl ehtiyatına malik olmağa çalışırlar. Bu isə qızıl bazarında tələbin artmasına, nəticədə qiymətlərin bahalaşmasına səbəb olur.
Qızılın bahalaşması Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinin artması baxımından vacibdir. Nəzərə alsaq ki, Fond öz ehtiyatlarının bir hissəsini qızılda saxlayır və xüsusilə 2018 və 2019-cu illərdə Azərbaycan qızıl ehtiyatlarını artırıb, bu, ölkəmizin strateji valyuta ehtiyatlarının dəyərinin artmasına müsbət təsir göstərir.
Azərbaycanda istehlak edilən qızılın 95 faizi idxal olunur. Buna görə də dünya bazarında qızılın qiymətinin artması daxili bazarda bahalaşmaya şərait yaradacaq".