Artıq 6 gündür ki, dünya üzrə bütün maliyyə bazarlarında düşüş davam edir. Treyderlər və investorlar Covid-19 koronavirusunun dünya iqtisadiyyatını çökdürəcəyindən ehtiyat edirlər. Təxminən 50 ölkədə 80 mindən çox yoluxma və 2800-dən çox ölüm faktı qeydə alınıb. Yoluxma və ölüm halları ən çox Çində baş verib.
Cümə axşamı auksionundan dərhal sonra ABŞ-ın "Dow Jones" indeksi 4,4 faizlik dəyər itirərək tam 1200 bənd azalıb; bu, bəndlər üzrə tarixdə ən kəskin düşüşdür. "SP 500" indeksi də 4,4 faiz itirib, digər indekslərdə isə vəziyyət belədir: "Nasdaq" - 4,6 faiz, FTSE (London) - 3,5 faiz, "Nikkei" (Yaponiya) - 2 faizdən çox.
ABŞ və Avropa bazarlarının bir həftəlik itkisi dünya maliyyə böhranının baş verdiyi 2008-ci ildən bu yana ən ciddi həddə çatıb. Son altı gündə dünya üzrə bütün şirkətlərin səhmləri ümumən 3,6 trilyon dollarlıq dəyər itkisinə məruz qalıb.
Rusiya bazarlarında da oxşar vəziyyətdir: cümə axşamı auksionunun nəticələrinə görə, "MosBirja" indeksi 3,4 faiz, RTS indeksi 5,1 faiz, "Moskva birjası"ndakı səhmlərin böyük əksəriyyəti 10 faiz dəyər itirib. Ekspertlər bunu neft qiymətlərinin kəskin düşməsi və koronavirusun yayılma təhlükəsiylə izah edirlər.
Getdikcə daha çox ölkə virusun yayılmasına qarşı tədbirlər görməkdəykən (İnsanlara səyahət etməmək məsləhət görülür, müxtəlif müəssisələrin fəaliyyəti dayandırılır, mağazalara getdikcə daha az satıcı gəlir), indekslər düşməyə davam edir.