BİRJA

27 Fevral

“Bakı Fond Birjası”nda ilk dəfə səhmlərlə repo əqdləri bağlanılıb

Bu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında ilk dəfə səhmlərlə repo əqdləri bağlanılıb. 

Fins.az xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, repo əməliyyatları “AzFinance İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə iki emitentə məxsus səhmlər üzrə həyata keçirilib.

"Kapital bazarları iştirakçıları tərəfindən qısamüddətli vəsait cəlbində səhmlərdən də aktiv istifadə olunmağa başlanılıb. İndiyə qədər repo əməliyyatlarının predmeti əsasən dövlət və korporativ istiqrazlar olub. Ümumilikdə son illərdə repo əməliyyatlarında əhəmiyyətli artım tempi müşahidə edilib. Belə ki, 2018-ci ildə Birjada repo əməliyyatlarının məbləği 612 milyon manat olduğu halda, 2019-cu ildə isə dövriyyə 83% artaraq 1,1 milyard manatı ötüb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, repo əməliyyatı – repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır). Repo əməliyyatları investorlar üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları Birjanın ticarət platformasında repo əqdləri bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.

Hazırda Birjada 23 alətlə repo aparmaq mümkündür. Repo predmeti olan qiymətli kağızların siyahısı aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

//bfb.az/wp-content/uploads/2015/06/Repo-predmeti-olan-qiym-tli-ka-zlar-n-siyahis-v-t-minat-h-cmi.pdf