“Əgər 2019-cu ilin əvvəlində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 38,5 mlrd. ABŞ dolları təşkil etmişdisə, bu il yanvarın 1-nə Neft Fondunun aktivlərinin həcmi 12,5% artıb və 43,3 mlrd. ABŞ dolları təşkil edib”.
Fins.az xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.
O qeyd edib ki, 2019-cu ildə Neft Fondu qarşıya qoyulmuş məqsəd və vəzifələrdən irəli gələn funksiyaların tam icrasını təmin edib: “Bildiyiniz kimi, 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsində xam neftin orta illik ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulmuşdu. Beynəlxalq bazarlarda isə neftin qiyməti bu göstərici ilə müqayisədə yüksək olub və ortaçəkili satış qiyməti 64 ABŞ dolları təşkil edib. Bu da öz növbəsində ARDNF-in sterilizasiya və yığım funksiyalarının effektiv icrasına, valyuta ehtiyatlarının artırılmasına əlverişli şərait yaradıb”.
İcraçı direktorun sözlərinə görə, aktivlərin artımı qeyd etdiyim kimi neft gəlirlərinin proqnoza nisbətdə yüksək olması, o cümlədən vəsaitlərin idarə edilməsindən qazanılan gəlirlər hesabına olub.
İ. Məmmədov məlumat verib ki, 2019-cu ildə ARDNF-in büdcə gəlirləri 19 mlrd. manat, büdcə xərcləri isə 11,6 mlrd. manat olub. “Gəlirlərin 15,4 mlrd. manatını neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə olunan gəlirlər təşkil edib ki, buraya mənfəət nefti və qazının satışı (14,6 mlrd. manat), bonus ödənişləri (766,4 mln. manat), akrhesabı ödənişlər (4,7 mln. manat), tranzit gəlirləri (18,9 mln. manat) daxildir.
Fondun vəsaitlərinin idarə edilməsindən isə 3,6 milyard manat əldə olunub ki, bu da ümumi gəlirlərin 19,1 faizini təşkil edir. Bununla da investisiya portfelinin ümumi illik gəlirliliyi 5,3 faiz olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 731,7 mln. manat təşkil edib”,- Fondun icraçı direktoru əlavə edib.
O həmçinin qeyd edib ki, 2019-cu ildə Dövlət Neft Fondunun büdcə xərclərinin vaxtında icrası ilə əlaqədar ölkədə fiskal tarazlığın qorunması təmin edilib: “Fondun büdcə xərclərini dövlət büdcəsinə transfert (11,4 mlrd. manat), qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması (200 mln. manat), ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri (24,3 mln. manat) olub”.
© Report