"Bakı Fond Birjası" QSC (BFB) Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasına (World Federation of Exchanges – Federasiya) üzv olmaq üçün müraciət edib və Federasiyanın Direktorlar Şurasının 15 yanvar 2020-ci il tarixli qərarı ilə tərəfdaş birja statusu əldə edib. Bununla da BFB regionda Federasiya ilə əməkdaşlığa başlayan ilk birja olub.
Fins.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayımlayıb.
Məlumatda bildilir ki, Federasiya ilə tərəfdaşlıq Birjanın inkişaf perspektivlərində və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyininin yaxşılaşdırılması istiqamətində yeni imkanlar yaradır. Belə ki, bu cür nüfuzlu təşkilatla tərəfdaşlıq Birjanın dövriyyə göstəricilərinin beynəlxalq məlumat resurslarında açıqlanmasına şərait yaradacaq, beləliklə də Qlobal Rəqabətlik Hesabatında “Bazar kapitallaşmasının ÜDM-də payı”, habelə “Doing Business” Hesabatında “Kiçik investorların qorunması” indikatorları üzrə ölkəmizin mövqeyinin yaxşılaşmasına xüsusi töhfə verəcək. Bu tərəfdaşlıq həmçinin BFB ilə Federasiyaya üzv olan digər birjalar arasında qarşılıqlı listinq və əməkdaşlıq imkanlarını artıracaq. Nəticə etibarı ilə bu imkanlar xarici investorların ölkə iqtisadiyyatı və yerli maliyyə bazarları barədə daha çox məlumatlanmasını təmin edəcək və gələcəkdə Azərbaycan kapital bazarına investisiya imkanlarını artıracaq.
Federasiya maliyyə bazarları infrastrukturunun əsas tərkib hissəsi olan birjaların (fond, valyuta, əmtəə və universal) 1961-ci ildə yaratdığı ən böyük müştərək təşkilatdır. Federasiyaya üzv və tərəfdaş olan birjaların ümumi bazar kapitallaşması 74,4 trilyon ABŞ dolları olmaqla illik bazar dövriyyələri 95 trilyon dollardan çoxdur. Əlavə olaraq, Federaiyaya daxil olan birjalar mütəmadi olaraq birgə araşdırma və müzakirələr keçirərək kapital bazarlarının inkişafını təmin edən ən yaxşı təcrübə və standartları müəyyənləşdirir. Eyni zamanda Federasiyanın birjalara dair məlumat bazası beynəlxalq maliyyə qurumları və nüfuzlu reytinq agentlikləri üçün istinad rolunu oynayır.