Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) yeni səhmlərinin alınmasına yönələn xərclər yüksək olmayacaq.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, xərclərin aşağı olmasının səbəbi odur ki, səhmlərə abunə yazılışı iki üsul ilə həyata keçirilir: "Bunun bir qismi təxminən 10% ödənilir, qalan hissəsi üzrə isə veksel verilir və lazım gəldik bank üzvlərdən veksel verdikləri hissəni istəyə bilərlər".
Bundan əlavə o qeyd edib ki, bununla belə, ölkə üzərinə böyük bir maliyyə yükü düşmür: "Bu hal üçün də müəyyən vəsaitlər nəzərdə tutulub".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında Dünya Bankı Qrupuna (World Bank Group) daxil olan IBRD-nin kapital artımında Azərbaycan Respublikasının iştirakı ilə bağlı qərar qəbul olunub. Sərəncama əsasən, Azərbaycanın IBRD-də əlavə 505 səhmə abunə yazılması üçün müvafiq sənədlərin imzalanması səlahiyyəti Maliyyə naziri Samir Şərifova və Ədliyyə naziri Fikrət Məmmədova verilib.
Əlavə 505 səhmə sahib olmaqla ümumi səs paritetində Azərbaycan Respublikasının 0,13 faizlik səsvermə hüququnun qorunub saxlanılması təmin ediləcək.
©APA