BİRJA

16 Yanvar

Bu fond 150 mln. manat məbləğində istiqrazları yerləşdirib

İpoteka və Kredit Zəmanət Fondu 2019-cu ildə 150 mln. manat məbləğində istiqrazları yerləşdirib.

“Vəsait illik 3% dərəcə ilə cəlb olunub”, - Fondun məlumatında vurğulanır.

Ümumilikdə, 2009-2019-cu illərdə Fond tərəfindən 1,005 milyard manat məbləğində istiqrazları yerləşdirib.

“Cəlb olunmuş vəsaitlərdən 281,1 mln. manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilib. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 723,9 mln. manat təşkil edir”, - Fonddan bildirilir.

2020-ci il yanvarın 1-nə Fondun aktivləri 10,2% artaraq 1,41 mlrd. manat, illik bölüşdürülməmiş mənfəəti isə 18,6 mln. manat olub.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir