2024-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,773.3 min nəfər olub, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, muzdla işləyənlərin 18,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,4%-i təhsil, 12,8%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i maliyyə və sığorta fəaliyyəti, 15,0%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 993,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Fuad Mədətov
Fins.az