BAZAR

23 Noyabr

Türkiyədə Azərbaycan kapitalı ilə 166 şirkət qeydiyyata alınıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 166 şirkət qeydiyyatdan keçib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 58 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.

Hesabat dövründə Azərbaycan kapitalı ilə Türkiyədə qeydiyyata alınmış şirkətlərin ümumi məcmu kapitalı 290 milyon 740 min türk lirəsi təşkil edib. Müqayisə üçün, 2023-cü ilin eyni dövründə bu rəqəm 435 milyon 970 min türk lirəsi olub.

TOBB-dan verilən məlumata görə, 2024-cü ilin yanvar-oktyabr aylarında qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin əksəriyyəti, yəni 144-ü, İstanbulda fəaliyyətə başlayıb. Bu şirkətlərin ümumi kapitalı isə 120 milyon 910 min türk lirəsi olub.

Eyni dövr ərzində Türkiyədə Azərbaycan kapitalı ilə 84 ticarət şirkəti təsis edilib. Digər şirkətlər iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir.

Fuad Mədətov
Fins.az