“Cənub Qaz Dəhlizi” QSC (SGC) bu ilin I yarısını 901,554 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.
Fins.az, səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 % çoxdur.
Yanvar-iyun aylarında SGC-nin əməliyyat gəlirləri 1 milyard 631,063 milyon ABŞ dolları (illik müqayisədə 17,2 % çox), satışının maya dəyəri 365,617 milyon ABŞ dolları (49,2 % çox), ümumi-inzibati xərcləri 185,175 milyon ABŞ dolları (12,7 % çox), nəqletmə xərcləri 107,775 milyon ABŞ dolları (55,8% çox), digər gəlirləri 35,296 milyon ABŞ dolları (26,3 % çox), faiz gəlirləri 80,87 milyon ABŞ dolları (75,2 % çox), asılı müəssisələrdən gəlirləri 35,428 milyon ABŞ dolları (1,8 % çox), maliyyə xərcləri 242,224 milyon ABŞ dolları (14,9 % az), məzənnə fərqindən gəlirləri 6,813 milyon ABŞ dolları (2,5 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 12,875 milyon ABŞ dolları (1 il bundan əvvəl vergi ödəyib) təşkil edib.
Bu il iyulun 1-nə SGC-nin aktivləri 14 milyard 749,138 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 9,8 % azalaraq 7 milyard 467,28 milyon ABŞ dollarına düşüb, balans kapitalı isə 13,2 % artaraq 7 milyard 281,858 milyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, SGC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,“Şahdəniz” qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dollarıdır. Şirkətin səhmlərinin 51%-i İqtisadiyyat Nazirliyinə, 49%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
Fuad Mədətov
Fins.az