Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 107 əmlak, o cümlədən 54 torpaq sahəsi, 36 qeyri-yaşayış sahəsi, 5 kiçik dövlət müəssisəsi və 12 nəqliyyat vasitəsi üzrə hərrac və müsabiqələr keçirilib.
Fins.az xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən məlumat verilib.
Hesabat dövründə bələdiyyə torpaqlarının satışı (icarəsi) üzrə keçirilmiş hərrac və müsabiqələrdən mərkəzə daxil olan xidmət haqqı 2,5 dəfə artıb.
Bu ilin 9 ayı ərzində hərraclarda kiçik dövlət müəssisələrinin satışından 406,5 min manat, qeyri-yaşayış sahələrinin satışından 338,3 min manat, ümumilikdə 744,8 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dörü ilə müqayisədə 45,6 dəfə çoxdur.
Nəqliyyat vasitələrinin hərraclarında formalaşan yekun satış qiyməti ilkin satış qiyməti ilə müqayisədə 57 % artıb.
9 ay ərzində keçirilən hərrac və müsabiqələrdən muxtar respublika büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 926,8 min manat, bələdiyyələrin hesabına daxilolmalar isə 60,5 faiz artaraq 226,4 min manat təşkil edib. Hərracların rəqabətli keçirilməsi nəticəsində heç bir daşınmaz əmlak obyekti ilkin satış qiymətindən aşağı satılmayıb.
Fuad Mədətov
Fins.az