2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF), Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsindən 4 milyard 603,7 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Bu barədə Fins.az-a ARDNF-dən məlumat verilib.
Məlumata əsasən, bu göstərici, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 630,3 milyon ABŞ dolları və ya 12,1% azdır. Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında ARDNF AÇG-nin işlənməsindən 5 milyard 234 milyon ABŞ dolları məbləğində gəlir əldə etmişdi.
AÇG Azərbaycanın ən böyük neft yataqları blokudur və ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. 1994-cü ilin 20 sentyabrında yataqların işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə imzalanmış və bu, ölkənin neft sənayesində mühüm bir dönüm nöqtəsi olmuşdur. 2017-ci ilin 14 sentyabrında isə bu yataqların 2049-cu ilin sonunadək birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb.
AÇG yataqlar blokunda BP (30,37%), SOCAR (25%), “MOL Group” (9,57%), INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%) və “ONGC Videsh Limited” (OVL) (2,31%) kimi beynəlxalq neft şirkətləri pay sahibidir.
Fuad Mədətov
Fins.az