BAZAR

17 Sentyabr

MİDA-nın xalis mənfəəti azalıb - MALİYYƏ HESABATI

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2023-cü ili 8,101 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 0,9% azalma deməkdir.

Fins.az agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il MİDA-nın maliyyə gəlirləri 11,512 milyon manat olub, bu da əvvəlki ilə nisbətən 6,1% artım göstərir. Diskont amortizasiyası üzrə gəlirlər 1,777 milyon manat (31,3% azalma), ümumi və inzibati xərclər 4,105 milyon manat (11,2% artım), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə gəliri 415 min manat (əvvəlki il zərər olub), sair gəlirlər isə 1 min manat (əvvəlki il olmayıb) təşkil edib. Mənfəət vergisi ödəmələri isə 1,499 milyon manat (1,2% artım) olub.

Bu ilin yanvarın 1-nə MİDA-nın aktivləri 451,075 milyon manat olub, bu da illik müqayisədə 16% azalma deməkdir. Hesabat dövründə Agentliyin öhdəlikləri 40,9% azalaraq 34,054 milyon manata, balans kapitalı isə 13% azalaraq 417,021 milyon manata düşüb.

MİDA 2016-cı ildə ölkə prezidentinin fərmanı ilə yaradılıb və nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi vətəndaşların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək və şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Eyni zamanda, vətəndaşların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq və çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təmin etmək məqsədilə "MİDA" MMC yaradılıb.

Fuad Mədətov
Fins.az