BAZAR

13 Sentyabr

Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 0,8% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 8 milyard 723 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

Fiins.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur.

Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,3 % artaraq 4 milyard 528 min manat, heyvandarlıq məhsullarının dəyəri isə 1, 3% artaraq 4 milyard 195 milyon manat olub.

Sentyabrın 1-nə qədər tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 26 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 0,8 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 498,2 min ton (0,8 % çox) tərəvəz, 799,2 min ton (8 % az) kartof, 503,4 min ton (1,7 % çox) meyvə və giləmeyvə, 482,3 min ton (11,9 % çox) bostan məhsulları, 66,8 min ton (9,2 % az) üzüm, 25,8 min ton (14,9 % çox) günəbaxan, 24,5 min ton (2,7 dəfə çox) şəkər çuğunduru, 3,3 min ton (56,6 % çox) tütün, 901,4 ton (1,8 % çox) yaşıl çay yarpağı, 18,6 ton (86,8 % az) pambıq yığılıb.

8 ay ərzində ölkədə quş əti də daxil olmaqla diri çəkidə 379,2 min ton ət, 1 milyon 489,2 min ton süd, 1572,5 milyon ədəd yumurta, 14,5 min ton yun, 239,4 ton barama istehsal olunub, İllik müqayisədə ət istehsalı 1%, süd istehsalı 0,5 %, yumurta istehsalı 6,2 % artmış, yun istehsalı 1,8 %, barama istehsalı 32,9 % azalıb.

Fuad Mədətov
Fins.az