BAZAR

11 Sentyabr

Naxçıvan iqtisadiyyatı 1 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 950,25 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% artım deməkdir.

Fins.az-ın Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, adambaşına düşən ÜDM-in dəyəri 2 025 manat təşkil edib, bu isə əvvəlki ilə nisbətən 0,1% çoxdur.

Hesabat dövründə Naxçıvanda 335,5 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da illik müqayisədə 1,9% artımı göstərir. Sənaye məhsulunun 89,2%-i mallar, 10,8%-i isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun bölgüsü belədir: 83,9%-i emal, 14,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 0,2%-i isə mədənçıxarma sektorunda istehsal olunub.

Eyni zamanda, yanvar-avqust aylarında muxtar respublikada 246,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bunun 143 milyon manatlıq hissəsi bitkiçilik, 103,5 milyon manatlıq hissəsi isə heyvandarlıq məhsulları olub. Ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatının ümumi məhsulu 1,1%, bitkiçilik məhsulları 1,2%, heyvandarlıq məhsulları isə 0,8% artıb.

Fuad Mədətov
Fins.az