BAZAR

11 Sentyabr

Azərbaycanda 8 ayda illik inflyasiya 1,3 % olub

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,3%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,1%, qeyri-qida məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 103% təşkil edib.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 103,5%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103%, qeyri-qida məhsulları üzrə 101,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 105,6% olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4% təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100% olub.

Avqust ayında ayrı-ayrı qida məhsullarında daha çox artım uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Əksinə, unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın və süfrə çuğundurunun qiymətlərində azalma baş verib. Digər qida məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər qeydə alınmayıb.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1% olub. Qeyri-qida mallarından daha çox artım kəsilmiş taxtanın, kərpicin, sementin və zərgərlik məmulatlarının qiymətlərində müşahidə edilib. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 101,3% təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən xalçaların yuyulması, internet xidmətləri, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Azalma isə hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində qeydə alınıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Fuad Mədətov
Fins.az