Bu il iyulun 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan pensiyaçıların sayı 1 milyon 101 min nəfərə çatıb. Bu, Azərbaycan əhalisinin 10.8 faizini təşkil edir, yəni hər 10 nəfərdən biri pensiyaçıdır.
Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında bu rəqəmləri paylaşıb və əlavə edib ki, pensiyaçıların 64.4 faizi yaşa görə pensiya alır:
"Bu, yaşa görə pensiya alanların 709 min 44 nəfər olduğunu göstərir. Ötən ilin eyni dövründə bu rəqəm 702 min 920 nəfər idi, yəni bir il ərzində yaşa görə pensiya alanların sayı 6 min 124 nəfər artıb.
Əlilliyə görə pensiya alanlar ümumi pensiyaçıların 23.3 faizini təşkil edir və bu rəqəm 256 min 533 nəfərdir. Bir il əvvəl bu rəqəm 258 min 797 nəfər idi, bu da əlilliyə görə pensiya alanların sayında 2 min 264 nəfər azalma olduğunu göstərir.
Ailə başçısını itirməyə görə pensiya alanlar isə pensiyaçıların 12.3 faizini təşkil edir və onların sayı 135 min 423 nəfərdir. Bu növ pensiya alanların sayında da artım qeydə alınıb".
Vüqar Bayramovun qeyd etdiyi kimi, son illərdə əlilliyə görə pensiya alanların sayında azalma müşahidə edilir. Bu, tətbiq olunan yeni qaydalar və təkrar müayinələrin nəticəsidir.
Fuad Mədətov
Fins.az