2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 364,465 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə Fins.az-a Fonddan məlumat verilib.
Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 818,535 milyon ABŞ dolları və ya 3,2 dəfə azdır.
Bu ilin ilk 8 ayında Neft Fonduna daxil olan vəsaitlərin 113,878 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 145,68 milyon ABŞ dolları və ya 2,3 dəfə azdır.
2023-cü ilin yanvar-avqust aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə işlənmədən əldə etdiyi gəlirin həcmi 1 milyard 183 milyon ABŞ dolları olub. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 259,554 milyon ABŞ dolları gəlir əldə edilib.
Fuad Mədətov
Fins.az