Avqust ayında Türkiyənin Cənub-Şərqi Anadolu Bölgəsindən 1 milyard 20 milyon 69 min dollarlıq ixracat həyata keçirilib.
Fins.az xəbər verir ki, bu barədə Cənub-Şərqi Anadolu İxracatçılar Birliyi Koordinatoru Ahmet Fikret Kileci yazılı açıqlama verib. Kileci, ixracatçıların iqtisadi çətinliklərə baxmayaraq yüksək performans göstərdiyini vurğulayıb.
Açıqlamaya görə, avqust ayında regionun ixracatında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalma müşahidə olunub. Gaziantepdən edilən ixracat isə 851,7 milyon dollar təşkil edib. İlin ilk səkkiz ayında bölgədən ümumilikdə 7,6 milyard dollarlıq ixrac qeydə alınıb.
Bölgənin ən çox ixrac etdiyi ölkələr sırasına İraq, ABŞ, Suriya, İngiltərə, Almaniya, İtaliya, Səudiyyə Ərəbistanı, Liviya, İran və Cibuti daxildir. Ən çox ixrac edilən məhsul qruplarına isə maşınqayırma xalçaları, xəmir məmulatları, plastik məmulatlar, parçalar, ipliklər, dəyirman məmulatları, bitki yağları, digər ərzaq məhsulları, ağac və meşə məmulatları, dəmir-polad məmulatları daxildir.
Fuad Mədətov
Fins.az