BAZAR

03 Sentyabr

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 14% artıb

Bu ilin birinci yarısında Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 91 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 14% artım göstərir və son 13 ildə ilk 6 ay üçün maksimal göstəricidir.

Hesabat dövründə Azərbaycana Özbəkistandan idxal edilən məhsulların dəyəri 77 milyon ABŞ dolları olub ki, bu da bir əvvəlki göstəricidən 36,2% çoxdur. Bu məhsullar arasında əsasən 10,7 milyon ABŞ dolları dəyərində saflaşdırılmış misdən məftillər, borular və borucuqlar, 9,45 milyon ABŞ dolları dəyərində trikotaj parçalar, 6,5 milyon ABŞ dolları dəyərində avtomobillər üçün kuzovlar, 4 milyon ABŞ dolları dəyərində quru nəqliyyat vasitələri üçün mühərriklər, 3,6 milyon ABŞ dolları dəyərində qurudulmuş üzüm, 3,4 milyon ABŞ dolları dəyərində televiziya rabitəsi üçün qəbuledici aparatlar, 3,4 milyon ABŞ dolları dəyərində kondisionerlər, 2,8 milyon ABŞ dolları dəyərində toxuculuq materiallarından hazırlanmış xovlu/xovsuz örtüklər, 2,2 milyon ABŞ dolları dəyərində çəkməli tütün, 1,5 milyon ABŞ dolları dəyərində yer fıstığı, 1,4 milyon ABŞ dolları dəyərində təzə ərik, 1,3 milyon ABŞ dolları dəyərində kağız salfetlər, dəsmallar, süfrələr, selluloz pambıq, 1,2 milyon ABŞ dolları dəyərində quş yumurtası və digər məhsullar alınıb.

Eyni dövrdə Azərbaycan Özbəkistana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 40,5% azalıb. İxrac olunan məhsullar arasında 3,25 milyon ABŞ dolları dəyərində alüminium ərintiləri, 2 milyon ABŞ dolları dəyərində ağ şəkər, 1,2 milyon ABŞ dolları dəyərində təzə alma, 1,1 milyon ABŞ dolları dəyərində badam və meşə fındığı, 605,5 min ABŞ dolları dəyərində lak və boyaqlar, 560 min ABŞ dolları dəyərində minik avtomobili, 520 min ABŞ dolları dəyərində polietilen, 434 min ABŞ dolları dəyərində xam neft və neft məhsulları, 297 min ABŞ dolları dəyərində qurudulmuş noxud, 268 min ABŞ dolları dəyərində nişasta və digər məhsullar yer alır.

Fuad Mədətov
Fins.az