BAZAR

30 Avqust

Auditorlar Palatasının mənfəəti 2,2 dəfə azalıb

Auditorlar Palatası 2023-cü ili 159 min manat mənfəətlə başa vurub.

Fins.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 54,3 % və yaxud 2,2 dəfə azdır.

Ötən il Auditorlar Palatasının əməliyyat gəlirləri 1,329 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % az), o cümlədən üzvlük haqlarından gəlirləri 1,188 milyon manat (10,7 % çox), ixtisasartırma və imtahan gəlirləri 45 min manat (73,1 % çox), qrant və ianələrdən gəlirləri 94 min manat (2,4 dəfə çox), ümidsiz borclar üzrə ehtiyatların azalması hesabına gəlirləri isə 2 min manat (təxminən 200 dəfə az) təşkil edib.

Hesabat dövründə qurumun əməliyyat xərcləri isə 1,17 milyon manat (0,4 % az), o cümlədən işçilərə çəkdiyi xərcləri 693 min manat (16,3 % çox), ezamiyyə xərcləri 24 min manat (2 dəfə çox), məlumat və reklam xərcləri 87 min manat (36 % çox), çap və mətbuat xərcləri 13 min manat (3,8 dəfə az), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 12 min manat (3,5 dəfə az), amortizasiya və qiymətdən düşmə xərcləri 31 min manat (10,7 %), rabitə xərcləri 32 min manat (52,4 % çox), üzvlük haqqı xərcləri 24 min manat (14,3 % çox), audit və peşəkar məsləhət xidmətləri xərcləri 77 min manat (32,8 % çox), sair əməliyyat xərcləri 38 min manat (15,15 % çox), sığorta xərcləri 3 min manat (dəyişməyib), bank xərcləri 7 min manat (dəyişməyib), konfrans xərcləri 33 min manat (3 % çox), icarə xərcləri 5 min manat (dəyişməyib), vergi xərcləri 5 min manat (əvvəlki il olmayıb), sosial xərcləri 80 min manat (əvvəlki il olmayıb), kommunal xərcləri isə 5 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə Auditorlar Palatasının aktivləri 1,24 milyon manat olub ki, bu da illik müqayisədə 13,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 8,7 % azalaraq 0,02 milyon manata düşüb, balans kapitalı isə 13,9 % artaraq 1,22 milyon manata çatıb.

Fuad Mədətov
Fins.az