BAZAR

15 İyul

Bu il Azərbaycanın xarici ticarət dövriyyəsi18 milyard 225,4 milyon ABŞ dolları təşkil edib

Yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən isə idxal edilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18 milyard 225,4 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10924,7 milyon dollarını və ya 59,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 7300,7 milyon dollarını (40,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3624,0 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,9 faiz, real ifadədə 7,6 faiz, o cümlədən idxal 7,8 faiz, ixrac isə 7,6 faiz azalıb.

2024-cü ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə 22,5 faiz azalaraq 1260,9 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsində ilk beşliyi İtaliya (23,9 faiz), Türkiyə (13,9 faiz), Rusiya (9,4 faiz), Çin (7,2 faiz) və İsrail (5,0 faiz) tamamlayır. İxracda isə 38,0 faizlə İtaliya, 14,8 faizlə Türkiyə, 8,2 faizlə İsrail, 5,1 faizlə Hindistan, 3,9 faizlə Rusiya yer alıb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Çin, 17,8 faizi Rusiya, 12,6 faizi Türkiyə, 6,1 faizi Avstraliya, 4,4 faizi isə Almaniya ilə aparılmış idxal əməliyyatlarının payına düşüb və bu ölkələr ilk beşlikdə qərarlaşıb.

Fuad Mədətov
Fins.az