BAZAR

12 İyun

Azərbaycanda qeyri neft-qaz sektorunda məhsul istehsalı artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2% azalmış, qeyri neft-qaz sektorunda isə 7% artıb.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sənaye məhsulunun 64,7%-i mədənçıxarma sektorunda, 29,3%-i emal sektorunda, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7% azalmış, əmtəəlik qaz hasilatı isə 4,1% artıb.

Emal sektorunda tikinti materiallarının istehsalı 38,8%, kompüter, elektron və optik məhsulların istehsalı 37,5%, mebel istehsalı 36,6%, metallurgiya sənayesi məhsullarının istehsalı 36,5%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3%, əczaçılıq məhsullarının istehsalı 29,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,7%, elektrik avadanlıqlarının istehsalı 22,2%, geyim istehsalı 21,3%, tütün məmulatlarının istehsalı 18,4%, içkilərin istehsalı 16%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12%, hazır metal məmulatlarının istehsalı 10,2%, neft məhsullarının istehsalı 7%, kimya sənayesi məhsullarının istehsalı 5,1%, qida məhsullarının istehsalı 4,1%, kağız və karton istehsalı 2,7% artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 7,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 11,1%, poliqrafiya məhsullarının istehsalı 16,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,4%, sair nəqliyyat vasitələrinin istehsalı 18,4%, maşın və avadanlıqların istehsalı 19,5%, sair sənaye məhsullarının istehsalı isə 67,5% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,1% azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,7% artıb.

Fuad Mədətov
Fins.az