BAZAR

17 May

İnvestisiya qoyuluşu 12 faiz artıb

Bu ilin yanvar–aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 230,4 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz çox investisiya yönəldilib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən, xəbər verir ki, hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 15,2 faiz artıb. İstifadə olunmuş investisiyanın 2 milyard 828,9 milyon manatı və ya 54,1 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 979,3 milyon manatı (37,8 faizi) xidmət sahələrinə, 422,2 milyon manatı (8,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Cari ilin ilk rübündə əsas kapitala yönəldilmiş investisiyaların 4 milyard 210,1 milyon manatını və ya 80,5 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 687,6 milyon manatı və ya 70,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.