“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin birinci rübü ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.
Fins.az xəbər verir ki, sözügedən dövr ərzində “AzerGold” QSC-nin rəsmi satış və mübadilə mərkəzində qızıl və gümüş sikkə, eləcə də qızıl külçələrin satışından 3 milyon 56 min 254 manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövri ilə müqayisədə pərakəndə satış gəlirlərində 8% artım deməkdir. Səhmdar Cəmiyyət tərəfindən sözügedən dövr ərzində 713 unsiya qızıl, 8 unsiya gümüş məhsullarının pərakəndə satışı həyata keçirilib.
Qeyd edək ki, AzerGold” QSC ilk dəfə 2018-ci ildə yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri 2019-cu ildən pərakəndə bazarda satışa təqdim edib. 01.04.2024 tarixinədək ümumi çəkisi 9,787 unsiya olan qızıl sikkə və külçələr, ümumi çəkisi 533 unsiya olan gümüş sikkələrin pərakəndə satışından 36 milyon 286 min 200 manat vəsait əldə edilib.
Fuad Mədətov
Fins.az