BAZAR

22 Aprel

Azərbaycan iqtisadiyyatı üçün yeni mərhələ

Xəzərdə yaradılacaq süni torpaq sahələri xarici investorları ölkəyə cəlb edəcək

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsində də əksini tapıb. 

Süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.
Fins.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov yeni qanun layihəsi ilə bağlı açıqlamasında bildirib ki, Xəzər dənizində süni torpaq sahələrinin yaradılması Azərbaycan üçün həm də iqtisadi baxımdan yeni bir imkandır. 
Deputatın sözlərinə görə, süni torpaq sahələrinin yaradılmasında yalnız dövlət qurumları deyil, həmçinin fiziki və hüquqi şəxslər də iştirak edəcəklər. Bu isə ondan xəbər verir ki, bu layihə həm də sahibkarlara fəaliyyətlərini genişləndirmək üçün yeni fürsətlər yaradacaq. 
V.Bayramov qeyd edib ki, sahibkarlar praktik olaraq bu prosesdə iştirak etməklə layihədən faydalana biləcəklər: "Məqsəd süni torpaq sahələri yaratmaqla investisiya qoyuluşlarının cəlb edilməsi, xüsusən də xarici sərmayənin ölkəmizə yönəldilməsinə nail olmaqdır. Eyni zamanda Xəzər dənizinin Azərbaycana aid olan hissəsində  infrastrukturun genişləndirilməsidir". 
Layihənin həm də infrastrukturun genişləndirilməsi baxımından vacib  olduğunu qeyd edən deputat deyib ki, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlərin təcrübəsi göstərir ki, dənizdə süni torpaq sahələrinin yaradılması həmin ölkələrin inkişafına xüsusi töhfə verir. Bu, həm də ölkənin iqtisadi inkişaf göstəricisidir, çünki belə sahələrin yaradılması xüsusən iqtisadi inkişafa malik olan ölkələrdə müşahidə olunur. "Bu layihə bütövlükdə biznes üçün şans yaratmaqla yanaşı, xarici investorları ölkəyə cəlb edəcək. Həmçinin iqtisadiyyat üçün yeni imkanlar deməkdir", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, bütün bunlar Xəzər dənizində yalnız enerji deyil, qeyri-enerji sektoruna sərmayələrin cəlb edilməsinə də imkan yaradacaq. Bu baxımdan layihə Azərbaycan iqtisadiyyatı üçün yeni bir mərhələnin başlanması kimi xarakterizə olunur.

 

© azerbaijan-news