BANK

17 Noyabr

Azərbaycan bankları ilin ilk 9 ayında 52 milyard manata yaxın əqd bağlayıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklararası bazarın təminatsız sektorunda aktiv əməliyyatlar həyata keçirilib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, Blumberq ticarət sistemi vasitəsilə banklar arasında 51,9 milyard manatlıq 2864 əqd bağlanıb. Əməliyyatların təxminən 95%-i 1-3 günlük olub. Əqdlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16% artıb.

İlin ilk 9 ayında 1 günlük banklararası təminatsız pul bazarında AZIR indeksi aylar üzrə dəyişkən olsa da, uçot faiz dərəcəsinə yaxın trayektoriyada hərəkət edib. AZIR ilə uçot dərəcəsi arasındakı spred martda -0,4%, iyunda -0,2%, sentyabrda isə -0,04% olub. Ümumilikdə, AZIR indeksinin uçot dərəcəsindən standart kənarlaşması 0,32 faiz bəndi təşkil edib.

Banka­arası təminatsız bazara paralel olaraq təminatlı repo bazarında da qısamüddətli bençmark faiz dərəcələri banklararası likvidlik vəziyyəti və əməliyyatların intensivliyindən asılı olaraq AZIR-ə yaxınlaşıb. Belə ki, 2025-ci ilin sentyabr ayında 6-8 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1W AINAIB) 6,25% təşkil edib.

Fuad Mədətov
Finss.az