Təminatsız pul bazarında aktivlik yüksək olub, 9 ayda əqdlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16.1% artıb.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, bu bazarda faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib.
AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7.15%, avqustda 6.97%, sentyabrda 6.96%, oktyabrın ötən dövründə isə 6.89% olub.
Məlumata əsasən, Mərkəzi Bank əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır.
Avropa Yenidənqurma və İnkişaf Bankının AZIR indeksinə bağlanmış manatla istiqrazlar yerləşdirməsi bu indeksin maliyyə bazarlarında istinad dərəcəsi kimi rolunu daha da artırır.
Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə azalmalar baş verib.
Eyni zamanda, yeni cəlb edilmiş manatla depozitlər və yeni verilmiş kredit faizlərində də azalmalar qeydə alınıb.
Qeyd olunub ki, bütün bu dəyişikliklərə təsir edən mühüm amillərdən biri cari ilin iyul ayında faiz dəhlizi parametrlərindəki azalma olub.
Fuad Mədətov
Finss.az