Avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nisbətən 216 min ədəd artaraq 21 milyon 129 min ədəd təşkil edib.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 14% artıb, debet kartlarının sayı 17% yüksəlib, kredit kartlarının sayı isə 7% azalıb.
Ödəniş kartlarının artımı nağdsız ödənişlərin həcminin də yüksəlməsinə səbəb olub. Avqust ayında kartlar vasitəsilə ölkədaxili nağdsız ödənişlərin həcmi 8,172 milyon manat təşkil edib. Bunun 7,153 milyon manatı elektron ticarətə, qalan 1,015 milyon manatı POS-terminallar vasitəsilə, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız əməliyyatlar ölkədaxili kart əməliyyatlarının 67,3%-ni təşkil edib.
Bundan əlavə, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələrində artım müşahidə olunur. Keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 8,3%, POS-terminalların sayı isə 50,7% artıb.
Fuad Mədətov
Finss.az