Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 30 il ərzində 200 layihəyə 3,6 milyard avro sərmayə qoyub.
Finss.az xəbər verir ki, bunu bankın Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mixail Qreçiko BFB-də AYİB-in istiqrazlarının yerləşdirilməsinə həsr olunmuş “Açılış Zəngi”ndə açıqlayıb.
M.Qreçiko bildirib ki, AYİB Azərbaycanda ən böyük sərmayəçilərdən biridir. Son 30 ildə bank bərpa olunan enerji, infrastruktur və energetika sahələrində layihələrə investisiya yatırıb, o cümlədən “Masdar” ilə günəş elektrik stansiyası və “ACWA Power” ilə külək elektrik stansiyası.
Bank ölkənin maliyyə sektorunda yeni addımlar atır, kapital bazarlarını və maliyyə sektorunu strategiyasının əsas sütunu hesab edir. AYİB yaşıl layihələri, inklüziv maliyyələşməni və KOB-ları dəstəkləyir, həmçinin Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq edərək yerli tənzimləyici bazarın inkişafına kömək edib.
M.Qreçiko əlavə edib ki, AYİB pul bazarının inkişafını və yaşıl gündəliyi təşviq edir. O bildirib ki, bankın istiqrazlarının yerli bazarda buraxılması gələcək buraxılışlar üçün yol açacaq.
Fuad Mədətov
Finss.az