Beynəlxalq Valyuta Fondu (BVF) iyul ayında dərc etdiyi “Qlobal İqtisadi İcmal” hesabatına əsasən, qlobal iqtisadi artım tempi 2025-ci ildə 3%, 2026-cı ildə isə 3,1% səviyyəsində proqnozlaşdırılır. Bu göstərici 2000-2019-cu illər üzrə tarixi orta 3,7%-dən aşağıdır.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2025 və 2026-cı illər üzrə proqnozlar əvvəlki proqnozla müqayisədə müvafiq olaraq 0,2% və 0,1% bənd artırılıb. Proqnozların yüksəlməsi yüksək tarif artımları fonunda ilkin tədbirlərin effektivliyi, ABŞ dollarının zəifləməsi və bəzi əsas iqtisadiyyatlarda fiskal genişlənmə ilə əlaqələndirilir.
İqtisadi artımın regional proqnozları:
- İEÖ (İnkişaf etmiş ölkələr) qrupu: 2025-ci il üçün 1,5%, 2026-cı il üçün 1,6%. ABŞ iqtisadiyyatı 2025-ci ildə 1,9%, 2026-cı ildə 2% artacaq. Proqnozun yüksəlməsinə səbəb tarif dərəcələrinin gözləniləndən aşağı qalması və maliyyə şəraitinin yumşalmasıdır.
- Avrozona: 2025-ci il üçün 1%, 2026-cı ildə 1,2%. Artım əsasən İrlandiyada I rübdə ÜDM-in yüksək artımı ilə izah olunur.
- İEOÖ (İnkişaf etməkdə olan ölkələr): 2025-ci il üçün 4,1%, 2026-cı il üçün 4%. Proqnozlar hələ də 2024-cü ilin 4,3%-lik artımı ilə müqayisədə aşağıdır.
BVF hesabatında vurğulanır ki, proqnozlar cüzi artım istiqamətində olsa da, iqtisadi artımın 2025-2026-cı illərdə ötən illə müqayisədə aşağı olacağı gözlənilir. Qlobal inflyasiya proseslərinin isə ortamüddətli dövrdə bir qədər səngiməsi proqnozlaşdırılır.
Fuad Mədətov
Finss.az
Əlavə bax: Sosial Xidmətlər Agentliyi MHBS üzrə maliyyə audit tenderi elan edib