Azərbaycan Mərkəzi Bankında (AMB) 2025-ci ilin ilk yarımili üzrə fintex ekosistemində müşahidə olunan əsas trendlər və inkişaf prioritetləri ətraflı müzakirə olunub.
Bu barədə Finss.az AMB-yə istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib. Görüş zamanı 2025-ci ilin ilk yarımili üzrə fintex ekosistemində müşahidə olunan əsas trendlər və inkişaf prioritetləri ətraflı müzakirə olunub.
Bununla yanaşı, Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi və fintex subyektlərinin bu sistem vasitəsilə innovativ həllərə çıxış imkanlarının artırılması, eləcə də, elektron pul və ödəniş təşkilatlarının fəaliyyətlərinin ƏL/TMM və informasiya təhlükəsizliyi üzrə qanunvericilik tələblərinə tam uyğunluğunun təmin edilməsi və komplayens risklərinin effektiv idarə olunması məsələləri görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə, həmçinin, xüsusi tənzimləmə rejiminin təkmilləşdirilməsi və tətbiq imkanları, açıq bankçılıq sahəsində aparılan işlər, virtual aktivlər və onların təminatçılarının fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.
Fuad Mədətov
Finss.az