Finss.az - Bu ilin iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20,642 milyon ədəd təşkil edib.
Mərkəzi Bankın hesabatına əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14,1 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17,1 faiz artıb, kredit kartlarının sayı isə 6,9 faiz azalıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38,3 faiz artıb.
2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,375 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,058 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,1 faizini təşkil edib.