Finss.az - 2025-ci il başlayandan Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi ilə bağlı bir neçə qərar verib. İlk 3 qərarda uçot dərəcəsi 7.25 faiz səviyyəsində müəyyən olunub, faiz dəhlizi isə 6.25 – 8.25 faiz intervalında saxlanılıb.
Sözügedən qərarlarda AMB inflyasiyanın mərkəzi hədəf diapazonu (4±2 faiz) daxilində qalması və qlobal şəraitin stabil olması səbəbindən faizləri dəyişməyə ehtiyac görmədiyini açıqlasa da, iyulun 23-də verilən qərarla uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,25 faizdən 7 faizə endirilib. Faiz dərəcəsinin azaldılmasından sonra hər kəsi düşündürən sual isə budur: görəsən, uçot dərəcəsinin aşağı salınması kredit faizlərinə təsir edəcəkmi?
Millət vəkili, iqtisadçı Vüqar Bayramov uçot dərəcəsinin aşağı salınmasını inflyasiyanın proqnozlaşdırılan diapazonda dəyişməsi, eyni zamanda qlobal iqtisadiyyatda və valyuta bazarında sabitliklə əlaqələndirir. Ekspertin fikirlərinə əsasən, hər şeydən öncə 2025-ci ilin birinci yarısında makroiqtisadi səviyyədə sabitlik qorunub saxlanılıb və maliyyə də bura daxildir. Digər tərəfdən, inflyasiyanın proqnozlaşdırılan həddə olması da faiz dəhlizi ilə bağlı parametrlərə yenidən baxılmasını mümkün edib.
Azalma 0.25 faiz bəndi təşkil edir və iqtisadçı bunu kiçik dəyişiklik adlandırır. O ki qaldı bu dəyişikliyin kredit faizlərinə necə təsir edəcəyi ilə bağlı suallara, V.Bayramov deyir ki, bütövlükdə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri və uçot dərəcəsi ilə bağlı qərarı kredit bazarına təsir göstərməyəcək. Ümumi mənzərəyə diqqət yetirəndə də, AMB-nin uçot dərəcəsinin kredit faizlərinə təsiri yüksək deyil.
AMB-nin son qərarının valyuta, eləcə də istehlak bazarındakı mövcud tarazlığa uyğun olduğunu bildirən iqtisadçı son zamanlar istehlak kreditlərinin faizlərində artım müşahidə edildiyi fikri ilə də razıdır. Sözsüz ki, bu vəziyyət problemli kreditlərin həcmi və vətəndaşların kreditlər üzrə öhdəliklərinin artması baxımından arzuolunan deyil. Amma AMB-nin uçot dərəcəsini azaltmasının kredit faizləri də daxil olmaqla, digər alətlərə təsir imkanları yüksək deyil.