Finss.az - Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi tematik yoxlama nəticəsində “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
Yoxlama zamanı şirkətin cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericilik tələblərinə əməl etmədiyi müəyyən edilib.
Məlum olub ki, şirkət tərəfindən şübhəli əməliyyatların monitorinqi və aidiyyəti qurumlara məlumat verilməsi ilə bağlı öhdəliklər yerinə yetirilməyib. Eyni zamanda, daxili nəzarət və risklərin idarə olunması sistemində ciddi nöqsanlara yol verilib.
Bunun nəticəsi olaraq, İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən, vəzifəli şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 000 manat məbləğində cərimə edilib.
Mərkəzi Bank bir daha bu sahədə şəffaflıq və nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.