Bu günə qədər Azərbaycanda ümumilikdə 5,1 milyard manat məbləğində ipoteka krediti verilib.
Finss.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) baş meneceri Rasim Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bu məbləğin təxminən 70 faizi – 3,5 milyard manatı Fondun (dövlət) xətti ilə ayrılıb və bu imkanlardan 54 800 nəfər yararlanıb. Bankların daxili ipoteka proqramları çərçivəsində isə 1,6 milyard manatlıq kredit verilib ki, bu vəsaitdən 12 900 nəfər faydalanıb.
Rasim Abdullayev əlavə edib ki, 2025-ci ilin I yarısında Fond xətti ilə verilmiş ipoteka kreditlərinin bir sıra göstəriciləri aşağıdakı kimidir:
- Orta kredit məbləği: 102 340 manat
- Kreditlə alınmış yaşayış sahəsinin orta dəyəri: 155 708 manat
- Orta kredit müddəti: 291 ay (təxminən 24 il)
- Orta faiz dərəcəsi: 6,4 %
- Orta aylıq ödəniş: 727 manat
- Borcalanların orta yaşı: 34 yaş
Qeyd edək ki, Fond Prezidentin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərinin birləşdirilməsi nəticəsində yaradılıb.
Fuad Mədətov
Finss.az