BANK

25 İyun

Mobil cihazlardakı zərərli proqramlar bank təhlükəsizliyi üçün ciddi risk yaradır

Bəzi mobil telefonlarda olan zərərli proqram təminatları hakerlərə həmin cihazları məsafədən idarə etməyə və istifadəçilərin bank hesablarına müdaxilə etməyə imkan verir.

Finss.az xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Çingiz Səfərli Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisində – Fintex Sammitdə çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, belə proqramlar bank tətbiqləri üzərindən aparılan əməliyyatları izləyə və istifadəçilərin hesablarını ələ keçirərək vəsaitləri oğurlaya bilir:

“İstifadəçi bank tətbiqindən istifadə etdiyi anda belə həmin proqramlar vasitəsilə əməliyyatlar izlənilə və sui-istifadə oluna bilər”, – deyə o qeyd edib.

Ç. Səfərli bildirib ki, “Kapital Bank” bu risklərin qarşısını almaq üçün daha güclü nəzarət sistemləri tətbiq edib. Yeni texnologiyaların köməyi ilə mobil tətbiq cihazda zərərli proqram aşkarlayarsa, dərhal fəaliyyətini dayandırır və istifadəçiyə problemin necə aradan qaldırılması barədə təlimat göstərir.

Bank rəsmisinin sözlərinə görə, 2025-ci ilin ilk rübündə 14 minə yaxın istifadəçi bu cür problemlə qarşılaşıb. Onlar zərərli proqramları silərək xidmətlərdən təhlükəsiz şəkildə istifadə etməyə davam ediblər.
Çingiz Səfərli vurğulayıb ki, bu hallar əsasən Android sistemli cihazlarda müşahidə olunur. iOS cihazlarda isə hələ ki, belə bir fakt qeydə alınmayıb.
O həmçinin əlavə edib ki, bəzən müştərilərə “Kapital Bank” adından saxta zənglər daxil olur. Dələduzlar bu yolla kart məlumatlarını ələ keçirməyə çalışırlar. Bu cür halların qarşısını almaq üçün bank yeni bir texnologiya üzərində işləyir:

“Transformasiyanın üçüncü mərhələsində, əgər istifadəçiyə gələn zəngin bankdan gəlmədiyi müəyyən edilərsə və həmin anda mobil tətbiq açıqdırsa, tətbiqdə xəbərdarlıq banneri görünəcək”.

Fuad Mədətov
Finss.az