BANK

24 İyun

Azərbaycanda ödəniş kartları ilə illik dövriyyə 126 milyard manatı keçib

2024-cü ildə Azərbaycanda banklar tərəfindən emissiya olunan ödəniş kartları vasitəsilə ümumi dövriyyə 126 milyard manatı ötüb. Bu, əvvəlki illə müqayisədə 27% artım deməkdir.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü və sədr müavini Vüsal Xəlilov “FINTEX SUMMIT 2025” çərçivəsində çıxışında bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin aprel ayına olan göstəricilərə əsasən, nağdsız ödənişlərin aylıq həcmi artıq 10 milyard manata yaxınlaşıb.

“2025-ci ilin ilk 4 ayı ərzində ölkədaxili ödəniş kartları ilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 67%-dən, sayı isə 91%-dən çox olub. Bu isə o deməkdir ki, ölkədaxili kartla edilən hər 10 əməliyyatdan doqquzu nağdsız formada reallaşdırılıb,” – deyə Vüsal Xəlilov qeyd edib.

Mərkəzi Bank rəsmisi vurğulayıb ki, nağdsız ödənişlərin sürətli artımı rəqəmsal maliyyə infrastrukturunun genişlənməsi və kart istifadəsinin gündəlik həyata inteqrasiya olunmasının bariz nümunəsidir.

Fuad Mədətov
Finss.az