BANK

24 İyun

Ani Ödənişlər Sistemi ilə əməliyyatların həcmi sürətlə artır

Azərbaycanda 24/7 rejimində çalışan Ani Ödənişlər Sisteminin imkanları genişləndirilir. Sistem üzərindən birbaşa bank hesabları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi və sürəti artmaqda davam edir.

Finss.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin üzvü, sədr müavini Vüsal Xəlilov “FINTEX SUMMIT 2025” tədbirində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ilin ilk dörd ayı ilə 2025-ci ilin eyni dövrü müqayisə edildikdə, Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilən əməliyyatların sayında 40%-dən çox artım müşahidə olunub:

“Biz bu artımın davamlı olduğunu izləyirik və hesab edirik ki, növbəti aylarda da bu göstərici müsbət trayektoriyasını qoruyacaq”, – deyə Vüsal Xəlilov qeyd edib.

Qeyd edək ki, hazırda sistemin texniki dayanıqlığı və funksionallığı artırılaraq istifadəçilərə daha sürətli, əlçatan və təhlükəsiz ödəniş imkanları təqdim olunur.

Fuad Mədətov
Finss.az