BANK

24 İyun

Vüsal Qasımlı: Bank sektorunda innovativ yanaşmalar və fintex modelləri maliyyə sabitliyini gücləndirir

Azərbaycanın maliyyə sektoru son illərdə sürətlə rəqəmsallaşır, texnoloji yeniliklər və fintex modelləri isə bu transformasiyanın əsas aparıcı qüvvələrinə çevrilir.

Finss.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda keçirilən FINTEX SUMMIT 2025 tədbirində çıxışı zamanı deyib.
V.Qasımlının sözlərinə görə, bu gün banklar artıq sadəcə maliyyə institutu deyil, rəqəmsal xidmət platformasına çevrilməkdədir:

“Süni intellekt, blokçeyn, açıq bankçılıq və böyük məlumat analitikası bank sektorunda xidmət keyfiyyətini artırmaqla yanaşı, rəqabətə yeni nəfəs verir. Bu innovativ yanaşmalar fintexlərin bazara daxil olmasını asanlaşdırır, müştəri mərkəzli xidmət modelinin genişlənməsini sürətləndirir.”

O bildirib ki, 2024-cü ildə Milli Ödəniş Sistemi üzrə əməliyyatların ümumi həcmi 570,9 milyard manata çatıb ki, bu da 2021-ci illə müqayisədə 3,1 dəfə artım deməkdir. Əməliyyatların 90%-dən çoxu AZİPS sistemi vasitəsilə həyata keçirilib.

Kibertəhlükəsizlik və elektron ticarət artımda

Professor Vüsal Qasımlı kibertəhlükəsizlik sahəsində də ciddi irəliləyişlərə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycanın Milli Kibertəhlükəsizlik İndeksindəki mövqeyi 82-ci yerdən 20-ci yerə yüksəlib, ümumi bal isə 93,76-ya çatıb.
Elektron ticarət sahəsində də nəzərəçarpacaq dinamika qeydə alınıb:

“2024-cü ildə elektron ticarət əməliyyatlarının həcmi 66,5 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 69,6% artım deməkdir. Əməliyyat sayı isə 83,4% artaraq 1 milyardı keçib.”

Eyni zamanda, ölkədaxili nağdsız kart əməliyyatları 78,9 milyard manata çatıb və nağdsız əməliyyatların payı 64,2% olub.

Fintex şirkətləri: rəqiblər yox, strateji tərəfdaşlar

V.Qasımlı bildirib ki, fintexlər sadəcə startaplar deyil, həm də ənənəvi maliyyə sistemlərini yenidən dizayn edən güclü mexanizmlərdir:

“Qlobal fintex bazarının həcminin 2030-cu ildə 698 milyard dollara çatacağı proqnozlaşdırılır. Bu, fintex sektorunun yalnız rəqəmsallaşma yox, həm də iqtisadi artımın mühərrikinə çevrildiyini göstərir.”

O qeyd edib ki, süni intellektə yatırımlar artmaqda davam edir. McKinsey-nin araşdırmasına əsasən, İT liderlərinin 77%-i süni intellektə yatırım etməyi planlaşdırır. BCG-nin məlumatına görə, bankçılıq və sığorta sektorunda hələ 13 trilyon dollardan çox gəlir potensialı mövcuddur.

“Banklar fintexləri rəqib deyil, tərəfdaş kimi görməlidirlər. Bankların etimadı və tənzimləmə gücü ilə fintexlərin çevikliyi birləşəndə ortaya daha çevik və innovativ maliyyə modelləri çıxır”, – deyə Qasımlı əlavə edib.

O sonda FINTEX SAMMIT 2025-in bilik və əməkdaşlıq mübadiləsi üçün vacib platforma olduğunu vurğulayaraq, maliyyə sektorunun daha rəqəmsal, inklüziv və təhlükəsiz gələcəyi üçün birgə səylərə çağırış edib.

Fuad Mədətov
Finss.az