BANK

23 İyun

Kredit büroları ənənəvi məlumatları geridə qoyur

Finss.az – Müasir kredit büroları artıq yalnız ənənəvi maliyyə məlumatları ilə məhdudlaşmır.

Bu barədə Bakı şəhərində keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev çıxış edərək məlumat verib.

Toğrul Əliyev bildirib ki, elektron ticarət, icarə ödənişləri və kommunal xidmətlər kimi alternativ məlumat mənbələrinin tətbiqi kredit sistemində inqilabi dəyişikliklərə səbəb olur və kredit əlçatanlığını xeyli genişləndirir.

“Bu tendensiya xüsusilə fərdi sahibkarlar, mikro və kiçik bizneslər üçün yeni imkanlar yaradır,” – deyə sədr müavini əlavə edib.

Onun sözlərinə görə, alternativ məlumatların kredit bürolarının fəaliyyətində tətbiqi, informasiya assimetriasını azaldaraq məsuliyyətli kreditləşməni təşviq edir. Bu da nəticədə daha çox vətəndaş və sahibkarın maliyyə xidmətlərinə çıxışını təmin edir.

Konfransda müzakirə olunan bu yeniliklər Azərbaycanın kredit bazarının şəffaflıq və səmərəliliyinin artırılmasına, eləcə də iqtisadi inkişafın dəstəklənməsinə xidmət edir.