BANK

10 İyun

Təhsil tələbə krediti fondu 57 min gəncin təhsilə çıxışını maliyyələşdirib

Finss.az - Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu (TTKF) bu günə qədər minlərlə gəncin ali təhsilə çıxış imkanlarını dəstəkləyib.

Rəsmi məlumatlara görə, 2025-ci ilin 10 iyun tarixinədək fonda daxil olan 70 minə yaxın müraciətin 57 minə qədəri rəsmiləşdirilib.

Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə şəxsi LinkedIn hesabında məlumat paylaşıb. Nazir müavini bildirib ki, bu göstəricilər dövlətin təhsildə bərabərlik və inklüzivlik prinsipinə sadiqliyini nümayiş etdirir.

Kredit növlərinə görə bölgü belədir:

  • 35% – Sosial Təhsil Tələbə Krediti (gəlir səviyyəsi aşağı olan və sosial həssas ailələrdən olan tələbələr üçün);

  • 65% – Standart Təhsil Tələbə Krediti (müəyyən faizlə geri ödənilən kreditlər).

Xüsusilə diqqətçəkən məqam isə rəsmi rəsmiləşdirilmiş kreditlərin 62%-nin qız tələbələrin adına olmasıdır. Bu statistika qadınların ali təhsildə təmsilçiliyinin artdığını və dövlət proqramlarının gender bərabərliyinə dəstək verdiyini göstərir.

Kərimzadənin sözlərinə görə, TTK proqramı ali təhsilə çıxışda sosial maneələrin azaldılması, eyni zamanda gənclərin gələcək karyera imkanlarının genişləndirilməsi baxımından mühüm alətə çevrilib.

Qeyd:

Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə yaradılıb və fəaliyyətinə 2022-ci ildən başlayıb. Fondun məqsədi maddi imkanı məhdud olan tələbələrin təhsil almasını stimullaşdırmaq və təhsilin maliyyələşməsində dayanıqlı model formalaşdırmaqdır.