BANK

05 İyun

“Assist Finance İnvestisiya Şirkəti” 2024-cü ili 700 min manat xalis mənfəətlə başa vurub

Finss.az — “Assist Finance İnvestisiya Şirkəti” ASC 2024-cü ili 700 min manat xalis mənfəət ilə başa vurub.

Bu göstərici 2023-cü ilin 657 min manat xalis mənfəəti ilə müqayisədə 43 min manat və ya 6,5% artım deməkdir. Şirkətin 31 dekabr 2024-cü il tarixində bitən maliyyə ilinə dair hesabatında bildirilib ki, “Assist Finance”nin cəmi gəlirləri 2023-cü ildə 1 milyon 625 min manat olubsa, 2024-cü ildə bu rəqəm 2 milyon 161 min manata yüksəlib. Bu da 536 min manat və ya 33% artım deməkdir. 2024-cü ilin sonunda şirkətin cəmi aktivləri 8 milyon 874 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonundakı 2 milyon 399 min manatlıq aktivlərdən 3,7 dəfə çoxdur. Aktivlərin bu kəskin artımı maliyyə aktivlərinin 6,5 dəfə artaraq 6 milyon 500 min manata çatması ilə izah olunur.

Maliyyə analitikləri hesab edir ki, “Assist Finance”nin 2024-cü il maliyyə göstəricilərindəki artım, şirkətin investisiya portfelini genişləndirməsi və bazarda daha fəal iştirak etməsi ilə bağlıdır. Bu dinamika şirkətin gələcəkdə də dayanıqlı inkişaf perspektivlərinə malik olduğunu göstərir.