Finss.az - Azərbaycanın qeyri-bank kredit təşkilatlarından biri olan “Finoko” BOKT ASC 2024-cü ili 3.17 milyon manat xalis zərərlə yekunlaşdırıb.
Bu göstərici 2023-cü ildəki 1.62 milyon manatlıq zərərlə müqayisədə iki dəfədən çox artım deməkdir və şirkətin illik yığılmış zərəri 7.12 milyon manata çatıb. Nəticədə, təşkilatın kapitalında defisit yaranıb. Bu barədə təşkilatın illik audit hesabatına istinadən məlumat yayılıb.
Gəlirlər azalır, xərclər artır
“Finoko”nun faiz gəlirləri 2023-cü ildəki 6.58 milyon manatdan 4.98 milyon manata düşüb – bu, 24.3% azalma deməkdir. Əvəzində, faiz xərcləri artaraq 4.91 milyon manata çatıb. Nəticədə, faiz marjası 1.79 milyon manatdan cəmi 67 min manata qədər enib.
Ən ciddi maliyyə təsirlərindən biri kredit zərərləri üzrə ehtiyatların əhəmiyyətli dərəcədə artması olub – 704 min manatdan 1.68 milyon manata qədər (artım 139%). Bu səbəbdən faiz marjası müsbət 1.08 milyon manatdan mənfi 1.6 milyon manata çevrilib.
Kapitalda ciddi itki və defisit
2023-cü ilin sonunda 1.61 milyon manat müsbət kapitala malik olan “Finoko”nun cəmi kapitalı 2024-cü ilin sonunda mənfi 1.76 milyon manata düşüb. Yəni təşkilatın öhdəlikləri aktivlərini üstələyib, bu isə kapitalda 3.4 milyon manatlıq azalma və defisitli mövqe deməkdir.
Bu vəziyyət Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi kapital adekvatlığı normativlərinə ziddir və təşkilatın maliyyə dayanıqlığına ciddi təhdid yaradır. Müşahidəçilər hesab edir ki, “Finoko”nun fəaliyyətini davam etdirməsi üçün səhmdar kapitalının artırılması zəruri olacaq.
Tənzimləyici qurumdan xəbərdarlıq
2025-ci ilin aprelində AMB “Finoko”ya məcburi göstəriş verib. Səbəb – qurumun I rüb üzrə prudensial hesabatlarının qanunvericiliyin tələblərinə uyğun təqdim edilməməsi olub. Mərkəzi Bank 25.1.5-ci maddəyə əsasən bu hesabatların təxirəsalınmadan təqdim olunmasını tələb edib.
Aktivlərdə və kredit portfelində eniş
2023-cü ildə 33.38 milyon manat olan cəmi aktivlər 2024-cü ildə 23.42 milyon manata düşüb – bu, 29.8% azalma deməkdir. Əsas azalma müştərilərə verilmiş kreditlər üzrə qeydə alınıb: 23.5 milyon manatdan 13.3 milyon manata qədər (43.4% eniş).
Buraxılmış istiqrazlar və digər borc kağızları üzrə öhdəliklər də 17.22 milyon manatdan 14.48 milyon manata enib.
Vergi yükü artır
Maraqlı məqam odur ki, təşkilat mənfəət vergisi üzrə 2024-cü ildə 1.08 milyon manat ödəniş həyata keçirib ki, bu da əvvəlki illə müqayisədə (258 min manat) dörd dəfə artım deməkdir.
Qısa arayış: “Finoko” kimdir?
“Finoko” BOKT ASC 2014-cü ildə yaradılıb və nizamnamə kapitalı 4.855 milyon manatdır. Səhmdarları – hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyev (Müşahidə Şurasının üzvü) – təşkilatın gələcək taleyi ilə bağlı qərar verməli olacaqlar.