Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 215 min ədəd artaraq 20 milyon 675 min ədəd təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 19,5% artıb, kredit kartlarının sayı isə 0,1% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb. 2025-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,301 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,071 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,224 milyon manatı POS-terminallar, 4,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil edib. Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 39.5% artıb.
Fuad Mədətov
Finss.az