Bu ilin yanvar-mart aylarında xarici maliyyə mənbələri hesabına əsas kapitala 0,9 milyard manat həcmində investisiya yatırılıb.
Bu barədə məlumatı Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən yayıb.
Bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz artım nümayiş etdirib. Xarici mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi investisiyaların 27,4 faizini təşkil edib.
Hesabat dövründə əsas kapitala xaricdən ayrılmış investisiyanın 98,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistandan olan sərmayədarlara məxsus olub.
Məlumatda həmçinin vurğulanır ki, Azərbaycan iqtisadiyyatına investisiya yatıran ölkələr sırasında ənənəvi xarici ticarət tərəfdaşları üstünlük təşkil edir. Xarici investisiya axınlarının davam etməsi isə ölkə iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinliyini və beynəlxalq investorların Azərbaycana olan marağını göstərir.
Fuad Mədətov
Finss.az