BANK

19 May

Revolut Fransada 1 milyard avroluq investisiya planını açıqladı

Finss.az - Britaniyanın aparıcı fintex şirkəti Revolut, qarşıdakı üç il ərzində Fransada biznesini genişləndirmək üçün 1 milyard avro investisiya yatıracağını və ölkədə yerli bank lisenziyası almaq üçün müraciət edəcəyini açıqlayıb.

Bu barədə məlumat Fransa Prezidenti Emmanuel Makronun təşkil etdiyi və investisiyaların təşviqinə yönəlmiş Choose France sammitində verilib. Şirkətin verdiyi açıqlamaya görə, Revolut Parisdə yeni ofis açacaq və bu ofis vasitəsilə Qərbi Avropa üzrə əməliyyatlarını idarə edəcək. Həmçinin, şirkət Fransada 200-dən çox yeni iş yeri yaratmağı planlaşdırır.

Hal-hazırda Revolut-un Fransadakı bölməsində təxminən 300 əməkdaş çalışır. Şirkət son on ildə yaranmış və fiziki filialları olmayan ən böyük Avropa fintex platformalarından biri kimi tanınır. Revolut-un istifadəçi bazası 55 milyondan çoxdur.

Qeyd edək ki, 2024-cü ildə Revolut Böyük Britaniyada bank lisenziyası alıb. Şirkət bu lisenziyanı əldə etmək üçün üç il ərzində gözləmə prosesindən keçmişdi.

Versal sarayında keçirilən Choose France sammiti 19 mayda start götürüb. Prezident Emmanuel Makron tədbirdən öncə verdiyi açıqlamada, bu sammitin Fransaya 20 milyard avrodan artıq investisiya cəlb edəcəyini bildirmişdi.