BANK

08 May

Depozit hərracları maliyyə bazarlarında yeni mərhələyə keçid təmin edəcək - Abbas İbrahimov

Azərbaycan Beynəlxalq Bankı (ABB) Maliyyə Nazirliyinin xəzinə qalığı üzrə keçirdiyi depozit hərraclarında 485 milyon manat həcmində vəsait cəlb edib.

Finss.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında məlumat verib.

A.İbrahimovun sözlərinə görə, sektorda ilk belə təcrübə olan bu hərraclar banklar üçün əlavə likvidlik imkanı yaradıb. O bildirib ki, cəlb olunan vəsaitlərin ümumi maliyyə sektorunun aktivlərinə nisbətən həcmi böyük olmasa da, bu alət likvidlik baxımından müsbət qiymətləndirilə bilər.

“Bu tip depozitlərin qısamüddətli xarakteri onların bazar üzrə kredit faizlərinə birbaşa ciddi təsirini məhdudlaşdırır. Hazırkı mərhələdə kredit faizlərində əhəmiyyətli dəyişiklik gözlənilmir, çünki bu vəsaitlərin təsir dairəsi məhduddur və nəticələri proqnozlaşdırmaq çətindir,” – deyə ABB rəhbəri qeyd edib.

A.İbrahimov əlavə edib ki, Mərkəzi Bank hazırda bu mexanizmin genişləndirilməsi üzərində işləyir və gələcəkdə yalnız sistem əhəmiyyətli banklar deyil, həm də digər maliyyə institutlarının depozit hərraclarına cəlb olunması planlaşdırılır.

Bu addım Azərbaycanın maliyyə bazarlarında likvidlik idarəçiliyinin yeni mərhələyə keçidini, eləcə də daha çevik pul siyasətinin tətbiqini təmin edə bilər.

Fuad Mədətov
Finss.az